Bu çərçivədə növbəti görüş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil olunub. Görüşün məqsədi tələbələri sağlamlıq mövzuları, xüsusilə qan donorluğunun əhəmiyyəti barədə məlumatlandırmaq olub.
Tədbiri giriş sözü ilə Akademiyanın elm və təhsil işləri üzrə prorektoru Fuad Salayev açıb. O, çıxışında gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsinin vacibliyini vurğulayıb, belə görüşlərin tələbələr arasında sosial məsuliyyət və humanizm dəyərlərinin formalaşmasına töhfə verdiyini qeyd edib.
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək donorluğunun cəmiyyət üçün əhəmiyyətindən danışıb. O, donorluğun ağır xəstələrin müalicəsində və fövqəladə hallarda həyati əhəmiyyət daşıdığını bildirib, gəncləri bu humanist təşəbbüsə dəstək verməyə çağırıb.
Ardınca mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək “Nə üçün donor olmaq lazımdır?” mövzusunda təqdimatla çıxış edib. O, donor olmaq üçün tələb olunan tibbi şərtlər və prosesin təhlükəsizliyi barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda donorluqla bağlı cəmiyyətdə mövcud olan bəzi yanlış təsəvvürlərə aydınlıq gətirib.
Daha sonra tələbələrin mövzu ilə bağlı ünvanladıqları suallar cavablandırılıb və görüş qarşılıqlı müzakirə şəraitində davam etdirilib. Maarifləndirici tədbir tələbələrin fəal iştirakı ilə yekunlaşıb.